Mənzil Məcəlləsindən çıxarış:
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı
  1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və Mənzil Məcəlləsi, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.
  2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır:
    • cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək;
    • cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək;
    • cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək;
    • cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək;
    • cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq;
    • borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etmək;
    • cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən etmək;
    • cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək;
    • cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq;
    • cəmiyyətin idarə heyəti sədrinin təqdimatı ilə çoxmənzilli binaya xidmət göstərən işçilərə aid daxili nizam qaydalarının qəbul və onlara dəyişiklər edilməsi, o cümlədən onların əməyinin ödənilməsi haqqında qərar qəbul etmək;
    • cəmiyyətin idarə heyəti üzvlərinin mükafatlandırılması məbləğini müəyyən etmək;
    • çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin Mənzil Məcəlləsinin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək;
    • Mənzil Məcəlləsi ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlər.
  3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi ilə Mənzil Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulandan başqa digər məsələlər də cəmiyyət iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilə bilər.
  4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır.

 

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili və keçirilməsi qaydası.
  1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir.
  2. İllik ümumi yığıncaqdan başqa mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin, təftiş komissiyasının (müfəttişin) və ya iştirakçılarından birinin təşəbbüsü ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının növbədənkənar ümumi yığıncaqları çağırıla bilər.
  3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş Mənzil Məcəlləsinin 44.4-cü və 44.5-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunur və göndərilir.
  4. Mənzil Məcəlləsinin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir.
  5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağını cəmiyyətin idarə heyətinin sədri və ya onun müavini aparır. Qeyd edilən şəxslər olmadıqda ümumi yığıncağı idarə heyətinin üzvlərindən biri aparır.
  6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının gündəliyə daxil edilməmiş məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur.
  7. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi ilə cəmiyyət iştirakçılarına məxsus sahələrin növündən (yaşayış və ya qeyri-yaşayış) və həll edilən məsələlərin xüsusiyyətindən asılı olaraq cəmiyyət iştirakçılarının qrupları üzrə səsvermə nəzərdə tutula bilər.
  8. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar Mənzil Məcəlləsinin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır.
  9. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı Mənzil Məcəlləsinin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir.